Vernidub: “Ən üst pillələrdə olmaq istəyirik”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 11-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər kəsi Zəfər Günü münasibətilə təbrik edirəm. Azərbaycanda hər zaman sülh olsun, insanlar gözəl, istədikləri kimi və xoşbəxt yaşasınlar. İstəyirəm ki, Ukrayna da bir gün azad olsun, qalib gəlsin. İnsanlar sülh içində yaşasınlar, istədikləri həyatı görsünlər. Bu günü görməyi çox istəyirəm. Ümidvaram ki, bu baş verəndəə, həyatda olacağam.

Çox sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər. Bu, o deməkdir ki, ehtiyat skamyamız yaxşı vəziyyətdədir. Oyundan öncə də Alen Şkribekə bildirdim ki, əsas heyətdə oynamayacaq, sonradan meydana daxil olacaq. Dincəlmək üçün vaxt verdik. Hər oyundan əvvəl qərar veririk ki, kimi kiminlə əvəzləyəcəyik və oyunumuzu gücləndirəcəyik. Ona görə biz həmişə bilirik ki, kim meydana çıxacaq. “Neftçi”də çox güclü rəqabət var. Bu da məni çox qane edir və sevindirir.

Şamaxıdakı süni örtükdə hamı oynayır, tək “Neftçi” yox. Qorxulu bir şey yoxdur. Ən yuxarı pillələrdə olmaq istəyirik. Buna görə çıxıb oynamalıyıq. Səhv etmirəmsə, Premyer Liqada cəmi iki belə meydança var. Biri Şamaxıda, biri də Yevlaxda. Çox istəyərdim ki, bundan sonra bütün komandalar yaxşı stadionlarda oynasınlar”.

“Emin Mahmudov mənə çox kömək edir”

Yuri Vernidub milliyə dəvət almış futbolçulardan və Emin Mahmudovun Azərbaycan yığmasından getməyə qərar verməsindən də söhbət açıb:

“Millidə oynamaq böyük fəxrdir. Bu, xüsusilə də milli komandalarda oynayanların səviyyəsi haqda çox şey deyir. İndi bizdə xarici millilərdə üç, Azərbaycan millisində dörd oyunçu oynayır. Onlara görə çox sevinirəm. Sadəcə, istərdim ki, zədə almadan geri qayıtsınlar. Əllərindən gələni etsinlər ki, öz milliləri qalib gəlsin. Azərbaycan millisinin qrupu birinci pillədə başa vurmasını çox istəyirəm. Eləcə də legionerlərimizin.

Emin Mahmudov Azərbaycanda ən yüksəkdə duran futbolçulardan biridir. O, uzun müddətdir millidə oynayır. Hər zaman da istəyir ki, ən yaxşı nəticələrə nail olsun. Eyni zamanda, “Neftçi”nin açar oyunçularından biridir. “Neftçi” üçün kifayət qədər çox oyun oynayıb. Bilirəm, qərar verib. Ağır qərardır. Amma həyatda belə şeylər olur. Ona görə də onun daha çox vaxtı olacaq ki, öz klubuna vaxt ayırsın. Biz illər keçdikcə gəncləşmirik, yaşlanırıq (gülür). Yaş da bəzən öz sözünü deyir. Çox istəyərdim ki, “Neftçi”də daha çox oynamağa davam etsin və fayda versin. O, buna layiqdir, həm peşəkar, həm də insan kimi. Emin mənə çox kömək edir. Oyunçularla söhbət zamanı, ailədaxili məsələlərin həllində də. Əsl kapitan kimi öz rolunu icra edir”.

“Namiq Ələsgərovdan da çox mən sevinirəm” – Azər Məmmədov

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə isə sağlamlıq arzulayıram. Oyuna gəldikdə, “Neftçi” bizim əzəli rəqibimizdir. Çempionatın liderinə qarşı oynayırdıq. Futbolçular çalışdılar. Bu gün bura məğlub olmaq üçün gəlməmişdik. Burada xal və ya xallar götürmək istəyirdik. Təəssüf ki, uduzduq. Hər şeyə rəğmən, futbolçulara təşəkkür edirəm. Millimizə uğurlar arzulayıram. Milli fasilədə daha çox çalışmalıyıq. Bu futbolçular və “Kəpəz” çempionata rəng qatmağa davam edəcək.

“Qarabağ”la oyunumuz da çox çətin olacaq. Amma biz doğma şəhərimizdə oynayacağıq. Bu gün özünüz də gördünüz ki, azarkeşlərimiz bizi burada da tək qoymamışdılar. Razıyam ki, futbolda məğlubiyyət də var. “Qarabağ”la oyuna da qələbə üçün çıxacağıq.

“Kəpəz”dən Namiq Ələsgərov da milliyə dəvət edilib. Namiq nə qədər sevinirsə, mən ondan daha çox sevinirəm. 5 il idi, “Kəpəz”dən heç kim milliyə dəvət edilmirdi. Bu, onun zəhmətinin bəhrəsidir. Ona uğurlar arzulayıram”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: