21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Omanın U-23 yığma komandası ilə növbəti yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi yığmamız bu rəqiblə ikinci oyundan da qalib ayrılıb.
Masazırda yerləşən “Əlincə Arena”da keçirilmiş görüş Azərbaycan millisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı Oman millisi açsa da, Azərbaycan yığması fasiləyə qədər hesabı öz xeyrinə dəyişib. 28-ci dəqiqədə Elgün Dünyamalıyev hesabı bərabərləşdirib, 42-ci dəqiqədə isə Əli Xəlilov fərqlənərək komandamızı önə keçirib.
İkinci hissədə İlkin Cəfərli 64-cü dəqiqədə hesabı 3:1-ə çatdırıb. Oman daha bir qol vuraraq fərqi azaltsa da, 78-ci dəqiqədə Niyazi Osmanov Azərbaycan millisinin dördüncü qolunu vurub.
Yoxlama oyunu
17 noyabr
Azərbaycan – Oman 4:2
Qollar: Dünyamalıyev, 28 (1:1), Xəlilov, 42 (2:1), Cəfərli, 64 (3:1), Osmanov, 78 (4:2).
Azərbaycan millisi bu oyuna aşağıdakı heyətlə başlayıb: Səlim Haşımov, Elgün Dünyamalıyev, Ceyhun Bağırzadə, Məhəmməd Məmmədli, Can Naibov, İlkin Cəfərli, Qadir Ramazanov, Elmar Məmmədov, Mikayıl Cəbrayıl, Əli Xəlilov, Niyazi Osmanov.
Xatırladaq ki, bu komandalar arasında ilk yoxlama görüşü də Azərbaycan U-21 millisinin qələbəsi ilə başa çatıb. Həmin qarşılaşmada yığmamız Omanın U-23 komandasını 2:1 hesabı ilə məğlub edib.


