Məhəmməd Musayev yenə dünya üçüncüsü oldu

Azərbaycanlı cüdoçu Məhəmməd Musayev Özbəkistanda gənclər arasında təşkil edilmiş dünya çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatına start verilib.

Azərbaycan millisinin üzvləri ilk günü bir medalla başa vurublar. 66 kq çəki dərəcəsində mübarizə aparan Musayev yarışa 1/16 final mərhələsindən başlayıb. O, ilk görüşündə danimarkalı Maqni Lauritseni, ardınca Əlcəzair təmsilçisi Məhəmməd Amin Dequahı məğlub edib. 1/4 finalda gənclər arasında son dünya çempionu, gürcüstanlı Tornike Qiqauri ilə qarşılaşan Məhəmməd hesabda geri düşməsinə baxmayaraq, mübarizəni qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.

Finala vəsiqə uğrunda görüşdə rusiyalı Abdulla Parçiyevə məğlub olan təmsilçimiz bürünc medal qarşılaşmasında digər Rusiya cüdoçusu İslam Sultiqovla üz-üzə gəlib. Rəqibinə qalib gələn Musayev dünya çempionatını üçüncü pillədə başa vurub.

Beləliklə, Məhəmməd Musayev ardıcıl ikinci il gənclər arasında dünya çempionatının bürünc medalını əldə edib. O, ötən il də Perunun paytaxtı Limada eyni nəticəyə imza atmışdı.

İlk yarış günündə qüvvəsini sınamış digər cüdoçularımız – Nərgiz Əhmədova (48 kq), Aysun Məmmədova (52 kq), Xədicə Qədəşova, Vüsalə Hacıyeva (hər ikisi 57 kq) və Ayxan Mirzəzadə (60 kq) isə medalsız qalıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: