Azərbaycan cüdoçusu Ramazan Əhmədov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.
Arena.az xəbər verir ki, Daşkənddə 21 yaşadək cüdoçular arasında dünya çempionatı davam edir.
Yarışın üçüncü günündə Azərbaycan millisinin 5 üzvü tatami üzərinə çıxıb.
+100 kq çəki dərəcəsində mübarizə aparan Ramazan Əhmədov ilk görüşündə Monqolustan təmsilçisi Temuulen Munxçuluunu, 1/8 finalda Niderlanddan Steyn Oldenhofu, 1/4 finalda isə Estoniyadan Marek-Adrian Masakı məğlub edib.
Cüdoçumuz yarımfinalda Türkiyə təmsilçisi Mahmutcan Mədəni də üstələyərək finala yüksəlib. Həlledici görüşdə digər Türkiyə təmsilçisi İbrahim Tataroğluna uduzan Əhmədov dünya çempionatının gümüş medalını qazanıb.
100 kq çəki dərəcəsində çıxış edən Davud Namazlı ilk görüşdə Qırğızıstan təmsilçisi Fadil İsmaqombetovu, 1/8 finalda isə Özbəkistandan Məhəmmədabid Məhməraimovu məğlub edib. O, 1/4 finalda Qazaxıstan təmsilçisi Sanjar Yerulanuluna uduzub.
Təsəlliverici mərhələdə Fransa təmsilçisi Qay Sontaqa qalib gələn Namazlı bürünc medal uğrunda görüşdə Gürcüstandan Nikoloz Zaalisvilini məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Həmin çəkidə mübarizə aparan Canpolad Əliyev isə ilk görüşündə Ukrayna təmsilçisi İvan Harmaşı məğlub etsə də, növbəti qarşılaşmada Rusiyadan Vladimir Dosyaka uduzaraq mübarizəni dayandırıb.
90 kq-da çıxış edən Süleyman Şükürov ilk mərhələni buraxıb. İlk görüşündə Özbəkistan təmsilçisi İnomjon Bahodırova məğlub olan cüdoçumuz yarışı başa vurub.
Eyni çəkidə mübarizə aparan Aslan Kotsoyev isə startda Özbəkistan təmsilçisi Dilşod Naşirova uduzaraq mübarizədən kənarda qalıb.
Beləliklə, Azərbaycan millisinin aktivində hazırda 3 medal var. Ramazan Əhmədov (+100 kq) gümüş, Məhəmməd Musayev (66 kq) və Davud Namazlı (100 kq) isə bürünc medal qazanıblar.


