“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşündə zirəlilər 0:1 hesabı ilə məğlub olublar.
Rəşad Sadıqov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyun bizim üçün uğursuz başladı. Halbuki bütün həftə matça hazırlaşarkən rəqibin pressinq edəcəyini nəzərə almışdıq. Tapşırıq sadə oynamaq və risk etməmək idi. 15-20 dəqiqə ərazi üstünlüyünə malik olsaq da, təhlükəli qol imkanlarımız olmadı. Üstünlük bizdə idi, rəqib müdafiəyə çəkilmişdi. İkinci hissədə daha sürətli oynamağa başladıq. Futbolçulardan razıyam. Səfərdə çempionatın favoriti ilə oynayırdıq. “Neftçi”nin səviyyəsini bilirik. Bu şəkildə davam etsək və zədəli futbolçularımız qayıtsa, daha da güclənəcəyik.
Vinger çatışmazlığımız var. Hazırda vingerimiz Eren Aydındır. Kris Diqbeu və Dameyn Smit isə baxışdan sonra komandaya cəlb etdiyimiz perspektivli futbolçulardır. Onları gələcəyi də düşünərək transfer etmişik. Zərurət yarandıqda rotasiyalar edirik. Amin Seydiyev və Qismət Alıyev cinah müdafiəçiləridir. Leqbo və Aydından isə vinger kimi istifadə etməyi planlaşdırırıq. Leqbo hücumda yaxşı çıxış edirdi. Finlandiyada çoxlu məhsuldar ötürmələri olub, 14-15 qol vurub. İkinci hissəni çox yaxşı keçirdik. Belə oyunlarda qalib gəlmək üçün hücum xəttində matçın taleyini həll edə biləcək futbolçular lazımdır”.
Rəşad Sadıqov oyundan sonra rəqib həmkarı Yuri Vernidubla barmaq silkələyərək danışmasına da aydınlıq gətirib:
“Barmaqla bağlı epizodu xatırlamıram. Ona dedim ki, artıq kəlmələr çox danışırsınız. Siz “Neftçi”dəsiniz, bu kluba hörmətimə görə heç nə demirəm. Amma düşünməyin ki, deməyə sözüm yoxdur. Ötən oyunda da çox yersiz danışmışdı. Amma “Neftçi”yə hörmətimizə görə susuruq. Bəzi açıqlamaları və sözləri ona yaraşmır. Fasilədə də yanımdan keçərkən çox danışırdı. Nəsə desəydim, cavab verəcəkdi ki, sözləri mənə ünvanlamayıb. Halbuki, məndən iki metr aralı keçirdi. Ona dedim ki, susmağımın səbəbi var: siz “Neftçi”dəsiniz və biz bu klubda çalışan hər kəsə hörmətlə yanaşacağıq. Özümüz də futbolçu olmuşuq. Məğlub olduğun komanda ilə oyunu böyük istəklə gözləyirsən, qalib gəlmək istəyirsən”.


