Yuri Vernidub: “Mənimlə Rəşad Sadıqov arasında heç nə olmayıb”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşündə “ağ-qaralar” 1:0 hesabıyla qalib gəliblər.

Yuri Vernidub qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Mənimlə Rəşad Sadıqovun arasında heç nə olmayıb. Bəlkə onda nəsə olub. Amma mən tərəfdən heç nə yoxdur. Mən mübahisə edən biri deyiləm. Mənim ona qarşı heç bir mənfi münasibətim yoxdur, fikirlərim, emosiyalarım oyundakı bəzi epizodlarla bağlıdır. Ona görə bu mövzunu bağlamaq lazımdır.

Birinci hissədə bizim üstünlüyümüz var idi. “Zirə”də hansısa epizod xatırlamıram. Çox tez qol vurduq. Buna baxmayaraq, fürsətlərimiz də oldu, sadəcə reallaşdıra bilmədik. İkinci hissədə 15-20 dəqiqə bərabər oyun getdi. 20 dəqiqədən sonra bizim oyunçular uduzmaq istəmirdilər deyə, daha çox müdafiədən oynadılar. Ancaq dözdük, hesabı qoruduq. Bizim üçün çox önəmlidir. İrəliyə doğru davam edirik. 85-ci dəqiqədə hətta mərkəz müdafiəçisi meydana buraxdım. Ondan sonra oyunu 5-3-2 formatında davam etdirdik. Çünki bilirdik ki, “Zirə” asmalar edir. Onlarda Davit Volkov başla çox yaxşı oynayır. Mərkəz müdafiəçiləri də həmçinin. Elvin Bədəlovu ona görə meydana buraxdım ki, üç müdafiəçimizin üçü də ucaboyludur və asmaların qarşısını alsınlar.

Mən də istəyirəm ki, “Neftçi” 90 dəqiqə dominantlıq etsin. Futbol inkişaf edir, yerində durmur. İndiki Azərbaycan çempionatında xoşuma gələn çoxlu komandalar var. “Sabah”, “Turan Tovuz”, “Kəpəz”, “Şamaxı”, “Qarabağ”, “Zirə”… Heç biri asan rəqib deyil. Onlar da istəyirlər ki, hər zaman dominantlıq etsinlər. Onların da məşqçiləri var, onlar da qazanmaq istəyirlər və oyunu buna uyğun qururlar. “Sabah” – “Barselona” oyununa baxdınız. Deməzdim ki, “Barselona” bütün oyunu dominantlıq etdi. “Sabah” göstərdi ki, eyni səviyyədə futbol oynaya bilir. Hətta ilk qolu da “Sabah” vura bilərdi. “Viktoriya” (Plzen) “Benfika”dan güclüdür? Amma hesab 4:0 oldu”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: