Azərbaycanın “Zəngəzur” komandası UEFA Regionlar Kubokunun 2026/2027-ci illər mövsümünün 7-ci qrupunda sonuncu oyununu keçirib.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi 3-cü turda Rumıniyanın “Karpatı” komandası ilə qarşılaşıb.
Türkiyədə təşkil edilmiş görüş komandamızın növbəti ağır məğlubiyyəti ilə başa çatıb – 0:8. İlk hissədən sonra Rumıniya komandası minimal hesabla öndə olub – 1:0. Amma fasilədən sonra vəziyyət kəskin dəyişib.
Beləliklə, “Zəngəzur” qrup mərhələsində keçirdiyi hər üç oyunda böyük hesabla uduzub. Komandamız ilk turda Polşanın “Dolnı Şlensk” kollektivinə 0:12, ikinci turda isə Türkiyənin “İstanbul” komandasına 0:5 hesabı ilə məğlub olub.
Xalsız qalmış Azərbaycan təmsilçisi qrup mərhələsini sonuncu pillədə başa vurub. “Dolnı Şlensk” 9 xalla qrup birincisi olub. “İstanbul” və “Karpatı” isə hərəyə 4 xal toplayıblar.


