Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Sabah”dan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, futbolçunun klubla müqaviləsinin müddəti bitib. Bu üzdən də tərəflər yollarını ayırmağa qərar veriblər. Ramil Şeydayevin bu gün sabiq komandası olan “Qarabağ”la müqavilə bağlaması gözlənilir.
25 yaşlı hücumçu 2020-ci ilin fevral ayından “Sabah”ın üzvü idi. Şeydayev bu komandada keçirdiyi 29 oyunda 6 qola imza atıb.
Ramil Şeydayevə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
“Sabah” bu yay Ramildən öncə Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Təmkin Xəlilzadə, Dmitro Klots, Elşən Abdullayev, Ruslan Abışov, Filip İvanoviç və Mario Marina ilə də yollarını ayırmışdı. Elçin Mustafayev isə “Keşlə”yə icarəyə verilib.
Qeyd edək ki, “Qarabağ” bu gün heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Ağdam təmsilçisi sosial şəbəkə hesabında yeni transferinin anonsunu edib. Lakin futbolçunun adı və mövqeyi açıqlanmayıb. Paylaşımda sadəcə, bu sözlər qeyd olunub: “Sabaha saxlamırıq. Bu gün açıqlayacağıq”.
Əldə etdiyimiz məlumata görə, Ağdam klubu məhz sabiq hücumçusu Ramil Şeydayevi bu gün yenidən rənglərinə bağlayacaq. Klubun bu anons zamanı istifadə etdiyi “Sabaha saxlamırıq” sözləri də təsadüfi yerə işlənməyib.
Millimizin hücumçusu köhnə-yeni klubuna azad agent statusunda keçəcək.
Xatırladaq ki, Şeydayev 2017/18 mövsümündə də “Qarabağ”da çıxış edib. Lakin həmin vaxt o, Türkiyənin “Trabzonspor” klubundan icarəyə götürülmüşdü. Ramil o zaman Ağdam təmsilçisində 15 oyun keçirmiş və cəmi 1 qolla yadda qalmışdı. Şeydayev “Trabzonspor”, “Sabah” və “Qarabağ”la yanaşı, “Zenit, “Rubin”, “Jilina”, “Krılya Sovetov”, “Dinamo” (Moskva) komandalarında da forma geyinib.
“Qarabağ”ın bu yay ilk transferi Portuqaliyanın “Vilafrankense” klubundan gələn yarımmüdafiəçi Kadi Malinovskidir.


