Rizvan Fərzəliyev: “Bu, “Araz”ın favorit olmasına işarədir”

“Araz”ın kapitanı Rizvan Fərzəliyev futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqiblərindən danışıb.

Arena.az xəbər verir ki, o, Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bu gün baş tutan püşkatmanın nəticələri barədə bunları söyləyib:

“Klublarla bağlı hansısa məlumatım yoxdur. Püşk bu gün atıldı, yəqin ki, internet vasitəsilə müəyyən informasiyalar əldə edəcəyik, oyunlarına baxacağıq. Texnalogiyanın inkişafı bizə bu imkanı yaradıb.

“Araz” qrupunun ən reytinqli komandasıdır. Bu da bizim favorit olmağımıza işarədir. Təbii ki, meydanda vəziyyət dəyişə bilər. Çalışmalıyıq ki, ümidləri doğruldaq. Qarşıya qoyulacaq məqsəd mərhələ adlamaq, mübarizəni əsas mərhələdə davam etdirmək olacaq. Yəqin ki, yaxın günlərdə hazırlıq planı açıqlanacaq. Ciddi hazırlaşmalıyıq.

Onu da deyim ki, oyunların keçiriləcəyi Latviyada bir neçə dəfə olmuşuq və bu ölkənin millisi ilə yoldaşlıq matçları keçirmişik. Yəni məkan bizim üçün tanışdır”.

Qeyd edək ki, “Araz” F qrupunda yer alıb. Joze Alesionun başçılıq etdiyi komanda “Kampuksen Dinamo” (Finlandiya), “Raba” (Latviya) və “Europa” (Cəbəllütariq) klubları ilə qarşılaşacaq. Qrupun oyunları avqustun 20-dən 25-dək Latviyada keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: