PSJ Serxio Ramosun transferini rəsmən açıqladı

Fransanın PSJ klubu növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, Paris təmsilçisi İspaniyanın “Real” klubundan ayrılan müdafiəçi Serxio Ramosu heyətinə qatıb.

Bu barədə Fransa nəhənginin rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. İspaniya millisinin sabiq üzvü yeni komandasında da “4” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Sevilya”nın yetirməsi olan Serxio Ramos 2005-ci ildən “Real”ın uğurları üçün çalışırdı. Madrid təmsilçisində 16 mövsüm keçirən müdafiəçi, bu komandanın heyətində 671 matça çıxıb. O, bu görüşlərdə 101 qol vurub, 39 məhsuldar ötürmə ilə yadda qalıb.

Ramos “Real”la beş dəfə İspaniya çempionu olub. O, dörd dəfə ölkə UEFA Çempionlar Liqasının, klublararası dünya çempionatının və İspaniya super kubokunun qalibi adını qazanıb. Üç dəfə UEFA super kubokunda zəfər yaşamış futbolçu, İspaniya kubokunda da iki dəfə çempionluq sevinci yaşayıb.

PSJ bu yay Ramosdan öncə Corcinyo Veynaldum və Əşrəf Hakimini də transfer etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: