İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi portuqaliyalı qapıçı Rui Patrisionu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərənin “Vulverhempton” klubundan transfer olunmuş təcrübəli qolkiperlə 3 illik müqavilə imzalanıb. O, yeni komandasının “1 nömrə”si olacaq.
“Roma” bu transferə görə İngiltərə klubuna 11.5 milyon avro ödəyib. Bu, Joze Mourinyonun baş məşqçi təyinatından sonra paytaxt klubunun ilk transferidir. Portuqaliyalı mütəxəssis son mövsümlərdə komandanın əsas qapıçısı olmuş ispaniyalı Pau Lopesi heyətdə görmək istəməyib. Bu üzdən də o, Fransanın “Olimpik” (Marsel) klubuna icarəyə verilib. Əvəzində Mourinyo öz həmyerlisinə güvənib.
“Sportinq”in yetirməsi olan Rui Patrisio, 2006-2018-ci illər aralığında məhz Lissabon təmsilçisinin uğurları üçün çalışıb. 2018-ci ildən isə o, “Vulverhempton”da çıxış edirdi. “Roma”nın yeni qapıçısı Portuqaliya yığmasında 97 oyun keçirib.


