Aryen Robben ikinci dəfə karyerasını bitirdiyini elan etdi

Futbol üzrə Niderland milli komandasının və “Bavariya”nın sabiq yarımmüdafiəçisi Aryen Robben karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu barədə 37 yaşlı oyunçu sosial şəbəkə hesabında paylaşım edib. O, futbolçu karyerasını bitirdiyini bəyan edib.

Robben peşəkar karyerasına Niderlandın “Qroningen” klubunda başlayıb. O, daha sonra PSV, “Çelsi”, “Real” və “Bavariya”da forma geyinib. Aryen Münhen klubunda 18 kubok qazanıb. O, 1 dəfə Çempionlar Liqasının, 1 dəfə UEFA Super Kubokunun, 8 dəfə Almaniya Bundesliqasının, 5 dəfə Almaniya Kubokunun, 2 dəfə İngiltərə Kubokunun, 2 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə Hollandiya Super Kubokunun, 1 dəfə Hollandiya çempionatının, 1 dəfə İspaniya La Liqasının qalibi olub. Robben rəqib qapılarından 99 top keçirməklə Bundesliqada ən çox qol vuran niderlandlı futbolçudur.

Niderland millisində 96 oyuna çıxan yarımmüdafiəçi 37 qola imza atıb.

Xatırladaq ki, Aryen Robben hələ 2019-cu ildə “Bavariya”dan ayrılanda karyerasını bitirdiyini açıqlamışdı. Lakin bir il fasilədən sonra o, ötən yay futbol üçün çox darıxdığını və bu üzdən karyerasını bərpa etmək istədiyini bildirmişdi. Nəticədə təcrübəli futbolçu futbola başladığı “Qroningen”lə müqavilə imzalamışdı. Amma o, zədə səbəbindən geridə qalan mövsümdə cəmi 7 matçda forma geyinib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: