“Zirə” “Qarabağ”la heç-heçəyə razılaşdı

Yeni mövsümə hazırlığını davam etdirən “Zirə” bu gün daha bir yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Qarabağ”la qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə bitib.

“Zirə”nin qolunu Ruslan Abışov, “Qarabağ”ın qolunu isə Kadi Borqes vurub. Hər iki oyunçu penalti zərbəsindən fərqlənib.

Qeyd edək ki, “Qarabağ” ötən gün Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsrail “Aşdod”u ilə ilk oyununa çıxmışdı. Bu üzdən də baş məşqçi Qurbanov “Zirə” ilə oyunda meydana “Aşdod”a qarşı oynamayan və az şans qazanan futbolçuları buraxıb.

“Zirə” daha öncə “Sabah” (0:0) və “Qəbələ” (3:0) ilə yoxlama oyunu keçirmişdi. Komanda iyulun 18-də Türkiyəyə getməyi planlaşdırırdı. Lakin futbolçulardan biri koronavirusa yoluxduğu üçün Türkiyədəki təlim-məşq toplanışı ləğv olunub. Bu üzdən də zirəlilər qarşıdakı mövsümə sonadək Bakıda hazırlaşmalı olacaq. Qəsəbə təmsilçisi mövsümlərarası hazırlıq çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Bununla bağlı qarşıdakı günlərdə əlavə məlumat veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: