DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinə yekun vuruldu. Arena.az xəbər verir ki, UEFA qrup oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
Yer aldığı A qrupunda 1 xalla sonuncu olan Azərbaycan millisi əksər göstəricilərdə ən zəiflər sırasındadır. Belə ki, millimiz seçmə mərhələdə qələbə üzünə həsrət qalan 6 komandadan biridir. Yarışı qələbəsiz başa vuran digər komandalar Qazaxıstan, San Marino, Cəbəllütariq, Moldova və Lixtenşteyndir.
5 komandalı qruplarda ən çox məğlubiyyətlə üzləşən üç komanda var ki, biri də Canni de Byazinin kollektividir. Yığmamız Belarus və Litva ilə yanaşı, keçirdiyi 8 matçın 7-də uduzub. 55 yığmadan yalnız Cəbəllütariq və San Marino matçının hamısında yenilgiyə uğramaqla diqqət çəkib. Azərbaycan, Moldova və Lixtenşteyn isə aktivinə 1 xal yazdırmağı bacarıb.
Seçmə mərhələni 5 qolla tamamlayan yığmamız ən məhsuldar 50-ci komandadır. Futbolçularımız yalnız San Marino (1 qol), Lixtenşteyn (2), Litva (4), Kipr (4) və Cəbəllütariqi (4) qabaqlamaqla öyünə bilər. Qabaqladığımız komandalardan təkcə Litva bizim kimi 8 oyun keçirib.
Çərçivəyə dəqiq zərbə sayında da ən zəiflərdənik – 17 dəfə. Sadəcə, San Marino (8), Lixtenşteyn (9) və Cəbəllütariq (10) bizdən az qol imkanı yaradıb.
Komandamız 8 oyunda ümumilikdə 20 dəfə korner yerinə yetirib. Bu baxımdan isə Cəbəllütariq (9), Lixtenşteyn (9), Qazaxıstan (13), San Marino (17), Malta (18) və Belarusu (18) qabaqlayırıq.
Yalnız Şahruddin Məhəmmədəliyev fərqləndi
Komandamızın heyətində yalnız Şahruddin Məhəmmədəliyev ən çox seyv edən qapıçılar sırasına düşüb ki, bu da rəqiblərin yığmamızdan güclü olduğunu göstəricisidir. Belə ki, “Qarabağ”ın qapıçısı millinin heyətində 8 oyunda 44 seyv edərək, komandasını qoldan ən çox xilas edən 3-cü qapıçıdır. O, yalnız Lixtenşteyn (Benjamin Büçel – 72 seyv) və San Marino (Elia Benedettini – 62) yığmalarının qolkiperindən geri qalır.
Şahruddin həm də ən çox qol buraxan 6 qapıçıdan biridir. O, 18 dəfə topu tordan çıxarmalı olub. Bu baxımdan ilk “beşlik”də müvafiq olaraq Elia Benedettini (San Marino – 46 qol), Henri Bonelyo (Malta – 30), Benjamin Büçel (Lixtenşteyn – 30), Deyl Koleinq (Cəbəllütariq – 23) və Ofir Marsiano (İsrail – 21) qərarlaşıb.
Vurduğu 4 qolla bu tsikldə Azərbaycan millisinin bombardiri olan Emin Mahmudov bu göstəricidə 23-39-cu yerləri bölüşdürür. Qrup mərhələsinin bombardirləri 12 qolla niderlandlı Memfis Depay və ingiltərəli Harri Keyndir.
Xatırladaq ki, Azərbaycan yığması Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə A qrupunda yer almışdı. DÇ-2022-yə ev sahibliyi edəcək Qətər yığması isə müsabiqədənkənar şəkildə bu qrupda mübarizə aparıb.


