İngiltərənin “Mançester Yunayted” komandasının yeni baş məşqçisi müəyyənləşb. Arena.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Ralf Ranqnik çalışdıracaq.
Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. 63 yaşlı almaniyalı mütəxəssis bu postda Ule Qunnar Sulşeri əvəzləyib. Onunla işçi vizası əldə etməsi şərti ilə mövsümün sonunadək müqavilə imzalanıb. Bu dövr bitdikdən sonra tərəflər Ranqnikin daha il məsləhətçi kimi fəaliyyət göstərməsinə razılaşıblar. Yayda isə komandaya yeni baş məşqçi təyin olunması planlaşdırılır. Bir sözlə, Ranqnik “qırmızı şeytanlar”da müvəqqəti baş məşqçi kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, Ralf Ranqnik son olaraq Rusiyanın “Lokomotiv” (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışıb. O, daha öncə “Leyptsiq”, “Şalke”, “Hoffenhaym”, “Hannover”, “Ştutqart” kimi klublarda baş məşqçi kimi fəaliyyət göstərib.
“Mançester Yunayted” bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkir. “Qırmızı şeytanlar” Premyer Liqada keçirdikləri 13 oyunda 18 xal toplayıblar və 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıblar.


