Sampaoli: “Qarabağ”ın milli üzvlərinə qarşı tədbirlər görməliyik”

Fransanın “Olimpik” (Marsel) komandasının baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan danışıb. Arena.az xəbər verir ki, argentinalı mütəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin qarşılaşma olacaq, amma mərhələni keçməyə çalışacağıq. Əsas məqsədim komandanın inkişafıdır. Biz daha çox inkişaf etmək üçün çalışmalıyıq. “Klermon”a qarşı son çempionat matçında iki qol buraxdıq. Göstərdiyimiz oyun hesabda özünü əks etdirmirdi. Bəlkə də ən yaxşı matçlarımızdan birini sərgiləmişdik”.

Sampaoli Marsel təmsilçisində olduğu müddətdə eyni üslubda çıxış etdiyini və həmişə buna sadiq olduğunu söyləyib. Argentinalı baş məşqçi futbolçuların yorğunluğunu da başa düşdüyünü sözlərinə əlavə edib: “Buna baxmayaraq sabah ən yaxşı futbolçulara güvənəcəyəm”.

O, son olaraq “Qarabağ”ın hücum futbolu sərgilədiyini vurğulayıb: “Rəqibin heyətində yığma komandanın bir neçə oyunçusu var. Onlara qarşı hansısa tədbirlər görməyə çalışacağıq”.

“Olimpik”in müdafiəçisi Bubakar Kamara da “Qarabağ”la oyun barədə fikirlərini bölüşüb. 23 yaşlı futbolçu bunları söyləyib:

“Qarabağ”a qarşı ən yaxşı oyunumuzu göstərmək istəyirik. “Klermon”a qarşı son çempionat matçındakı məğlubiyyəti öz aramızda danışmışıq. Hər oyundakı nəticələrdən sonra azarkeşlər buna reaksiya göstərir. Biz bütün matçlarda qələbə qazanmağa çalışırıq ki, azarkeşlərin gözündə hörmətimizi saxlayaq. Amma uduzanda məyus oluruq. Futbolçular bir-birinə dəstək olmağa çalışır. Sabahkı görüşə də yaxşı köklənmişik. Meydana qələbə üçün çıxacağıq. “Qarabağ”ı keçə bilməsək, fanatlar bunu çox pis qarşılayacaq. Amma biz bu barədə düşünmürük. Mərhələ adlayacağımıza ümid edirik və hər şey bizim üçün yaxşı qurtaracaq”.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Olimpik” matçına saat 21:45-də start veriləcək. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə məğlub olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: