Emil Balayev “Qarabağ”dan getdi – Qazaxıstanda oynayacaq

Qarabağ” qapıçısı Emil Balayev ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

27 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ağdam təmsilçisi Balayevə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Emil Balayev bundan sonrakı karyerasını Qazaxıstanın Premyer Liqa təmsilçisi “Turan”da davam etdirəcək. O, artıq bu gün Qazaxıstana yola düşüb.

Xatırladaq ki, Balayev 2020-ci ilin yayından “Qarabağ”da çıxış edirdi. O, 2016/17 mövsümündə də bu komandanın uğurları üçün çalışmışdı. Azərbaycan millisinin də üzvü olan qolkiper daha öncə də Qazaxıstanda legioner həyatı yaşayıb. O, 2019-cu ildə “Tobol”un formasını geyinib. Millimizin qapıçısı karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Araz” (Naxçıvan), “Səbail” və “Zirə” klublarında çıxış edib. O, 2015/16 mövsümündə də Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasında legioner həyatı yaşayıb.

Qazaxıstan çempionatında yeni mövsümə martın 5-də start veriləcək. Emilin yeni komandası “Turan” mövsümün ilk turunda “Taraz”ı qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: