Emil Balayev rəsmən “Turan”da!

Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Emil Balayev Qazaxıstana yollanıb. Arena.az xəbər verir ki, o, bu ölkənin “Turan” klubun transfer olunub.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı qolkiperlə rəsmi müqavilə imzalanıb. Amma Balayevin sözləşməsinin detalları açıqlanmayıb. O, yeni klubunda 22 nömrəli formanı geyinəcək.

Qazaxıstan çempionatında yeni mövsümə sabah – martın 5-də start veriləcək. Emilin yeni komandası “Turan” mövsümün ilk turunda “Taraz”ı qəbul edəcək. “Turan”ın baş məşqçisi rusiyalı mütəxəssis Vladimir Qazzayevdir. Onun köməkçilərindən biri isə Azərbaycan yığmasının sabiq hücumçusu Vaqif Cavadovdur.

Xatırladaq ki, Emil Balayev son olaraq “Qarabağ”da çıxış edib. O, 2020-ci ilin yayından Ağdam klubunun uğurları üçün çalışırdı. Balayev 2016/17 mövsümündə də bu komandanın formasını geyinib.

Azərbaycan millisinin üzvü bundan öncə də Qazaxıstanda legioner həyatı yaşayıb. O, 2019-cu ildə “Tobol”un formasını geyinib. Millimizin qapıçısı karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Araz” (Naxçıvan), “Səbail” və “Zirə” klublarında çıxış edib. O, 2015/16 mövsümündə də Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasında legioner həyatı yaşayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: