Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını qazanıb. Arena.az xəbər verir ki, o, bu titula Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində sahib çıxıb.
51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medala layiq görülüb.
Beləliklə, Azərbaycan yığması 11 gün davam edən Avropa çempionatında çıxışını 4 medalla başa vurub. Yarışa 7 boksçu ilə qatılan komandamızın 4 üzvü fəxri kürsüyə yüksəlib. Boksçularımız Poreçdə 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar. Hüseynovdan öncə Ruslan Qədirov (54 kq) 2-ci, Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) 3-cü yeri tutublar. Yığma bununla da Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb. Milli komanda 10 il öncə Rusiyada keçirilən U-22-lərin Avropa çempionatında da 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışdı.
Xatırladaq ki, Nicat Hüseynov 1/4 finalda Antonio Payvanı (İrlandiya) məğlub etmişdi. Azərbaycan boksçusu yarımfinalda da Mehmethan Çinardan (Türkiyə) güclü olmuşdu.
Azərbaycan yığmasının heyətində Poreçə yollanan boksçulardan Maqsud Xasmetov (57 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (80 kq) medal qazana bilməyib. Qitə birinciliyində beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alıb. Azərbaycan millisi Bakıya martın 25-də qayıdacaq.


