Tahir Gözəl: “Qurban Qurbanov nümunə olacaq şəxsiyyətdir”

Bu gün “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun bazasını ziyarət edib. Arena.az xəbər verir ki, o, komandanın baş məşqçisi Qurban Qurbanov ilə görüşüb, təcrübəli mütəxəssisi 50 illik yubileyi münasibəti ilə təbrik edib.

Tahir Gözəl “Qarabağ”dakı uğurlarına görə baş məşqçiyə təşəkkürünü bildirib və ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb:

“Bu gün böyük qürur və fəxrlə deyirəm ki, “Qarabağ”ımızın baş məşqçisi Qurban Qurbanovdur. Çətin günlərimiz də olub, bərabər böyük uğurlar əldə etmişik, tarixi nəticələr qazanmışıq. Biz o çətin günlərdə də Qurban Qurbanova güvənmişik, indi də güvənirik və bundan sonra da güvənəcəyik. İnanıram ki, Qurban hoca növbəti yubileylərini də məhz “Qarabağ”ın baş məşqçisi kimi keçirəcək.

Qurban Qurbanov futbol ictimaiyyətinə nümunə olacaq şəxsiyyətdir. Onun Marsel “Olimpik”i ilə oyundakı jesti yaddaşlardan silinməyəcək, tarixdə qalacaq. Təsadüfi deyil ki, ölkə prezidenti cənab İlham Əliyev Qurban Qurbanovun məhz həmin hərəkətini xatırladaraq, nümunə gətirdi. Qurban hoca ilə qürur duyur və fəxr edirik. Əminəm ki, bundan sonra da “Qarabağ”ımız Qurban Qurbanovla yeni tarixi uğurlar əldə edəcək”.

Qeyd edək ki, bu gün Qurbanov Qurbanovun 50 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu “Şöhrət” ordeni ilə təltif edib. Yubilyar mütəxəssis Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə görə təltif olunub.

Daha öncə AFFA prezidenti Rövnəq Abdullayev də Qurban Qurbanovu 50 illiyi münasibətilə təbrik etmişdi. Onun 50 illik yubileyinə UEFA da biganə qalmayıb. Qitə futbol qurumu rəsmi “Tvitter” səhifəsində Qurbanovu təbrik edib. Ağdam klubunun avrokuboklardakı matçlarından videogörüntülərin yer aldığı paylaşımda yazılıb:

“Uzunmüddətli baş məşqçi, Azərbaycan futbolunun canlı əfsanəsi Qurban Qurbanov”.

Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: