UEFA Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Arena.az xəbər verir ki, qitə futbol qurumunun İcraiyyə Komitəsi sözügedən ölkə ilə bağlı aşağıdakı qərarları qəbul etib.
UEFA Millətlər Liqası, 2022/23 mövsümü
Rusiyanın əsas yığması UEFA Millətlər Liqasının B Liqasının 2-ci qrupunda mübarizə aparmayacaq və avtomatik olaraq, 4-cü yeri tutacaq. Nəticədə bu komanda qrup mərhələsinin sonunda B Liqasında sonuncu yerin (16-cı) sahibi kimi C Liqasına enəcək.
Qadınlar arasında AÇ-2022-nin final mərhələsi
Rusiyanın qadınlardan ibarət əsas yığması 6-31 iyulda İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak etməyəcək. C qrupunda bu komandanı pley-off mərhələsində məğlub etdiyi Portuqaliya əvəzləyəcək.
Qadınlar arasında DÇ-2023-ün Avropa zonası üzrə təsnifat mərhələsi
Rusiyanın qadınlardan ibarət yığması E qrupunda (Danimarka, Bosniya və Herseqovina, Malta, Azərbaycan) apreldə planlaşdırılmış 2 seçmə oyunu diskvalifikasiyası üzündən keçirməyib. Bu ölkə millisi seçmə mərhələdəki növbəti matçlarının da heç birinə buraxılmayacaq və bütün nəticələri qüvvədən düşmüş sayılacaq. Beləliklə, E qrupunda 6 deyil, 5 komanda yer alacaq.
U-21-lər arasında AÇ-2021-2023
Rusiyanın U-21 yığması C qrupunda (İspaniya, Slovakiya, Malta, Litva və Şimali İrlandiya) martda planlaşdırılmış 2 seçmə oyunu diskvalifikasiyası üzündən keçirməyib. Bu ölkə millisi seçmə mərhələdəki növbəti matçlarının da heç birinə buraxılmayacaq və bütün nəticələri qüvvədən düşmüş sayılacaq. Beləliklə, C qrupunda 6 deyil, 5 komanda yer alacaq.
UEFA-nın klub turnirləri, 2022/23 mövsümü
Rusiyanın 2022/23 mövsümündə UEFA-nın klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası, qadınlar arasında Çempionlar Liqası və Gənclər Liqası) iştirakçısı olmayacaq. Kişi və qadınlar arasında klub yarışlarına buraxılma üzrə müvafiq siyahılar yarışlar barədə müvafiq əsasnamələrdəki prinsiplərə uyğun yenidən balanslaşdırılıb.
Bundan başqa Rusiya son 5 mövsümdə topladığı əmsal ballarından məhrum ediləcək.
Qadınlar arasında futzal üzrə AÇ-2022-nin final mərhələsi
Rusiya Portuqaliya, İspaniya və Ukrayna ilə birlikdə final turnirində iştirak etməyəcək. 1-3 iyulda Portuqaliyada təşkil olunacaq yarışda Rusiyanı əsas mərhələnin 1-ci qrupunda ikinci yeri tutmuş Macarıstan əvəzləyəcək.
Qadınlar arasında futzal üzrə AÇ-2023-ün təsnifat mərhələsi
Rusiya əsas mərhələnin 4-cü qrupunda ilkin mərhələdə ikinci yeri tutmuş ölkə ilə əvəzlənəcək.
Futzal üzrə Çempionlar Liqasının 2022/23 mövsümündə Rusiyanın təmsilçisi olmayacaq.
Futzal üzrə DÇ-2024-ün seçmə mərhələsinin püşkatma mərasimində Rusiyanı ilkin mərhələdə 3-cü yeri tutmuş Norveç əvəzləyəcək.
Rusiyanın oğlan və qızlardan ibarət yığmaları 2022/23 mövsümündə U-17 və U-19 Avropa çempionatlarında iştirak etməyəcək. Qruplarda 3 komandanın iştirakı ilə mini-turnir keçiriləcək.
UEFA Regionlar Kuboku
Rusiya ilkin mərhələdə 1-ci qrupda 2-ci yeri tutmuş komanda ilə əvəzlənəcək.
AÇ-2028 və AÇ-2032-yə namizədlik
UEFA İcraiyyə Komitəsi Rusiya Futbol İttifaqının sifariş ərizəsini müvafiq tələblərə uyğun olmadığı üçün rədd edib. Qitə futbol qurumu hüquqi və faktiki vəziyyətin yenidən qiymətləndirilməsi üçün gözləmə rejimində qalacaq.
Xatırladaq ki, fevralın 28-də Rusiya klubları və yığmaları UEFA bayrağı altında turnirlərdən kənarlaşdırılıb.


