Almaniyada ötən mövsümün yekununa əsasən aşağı liqaya düşən “Şalke” növbəti mövsüm yenidən əsas Bundesliqada oynamaq hüququ qazanıb. Arena.az xəbər verir ki, sözügedən komanda buna 33-cü turda “Sankt Pauli”yə 3:2 hesabıyla qalib gəlməklə nail olub.
Doğma meydanda 0:2 hesabıyla məğlub durumda olmasına baxmayaraq, Gelzenkirxen təmsilçisi yekunda əzmkar qələbə qazanmağı bacarıb. “Sankt Pauli” matçı 9 nəfərlə başa vursa da, meydan sahibləri rəqib azlıqda qalana qədər oyunda dönüş yarada bilmişdilər. Belə ki, qonaq komandanın üzvləri 81 və 90+5-ci dəqiqədə meydandan qovulublar. Hansı ki, həmin vaxt artıq hesab 3:2 “Şalke”nin xeyrinə olub.
Beləliklə, “Şalke” sona 1 tur qalmış xallarının sayını 62-yə çatdırıb və ən yaxın izləyicisi “Hamburq”u 5 xal qabaqlayıb. Gelzenkirxen təmsilçisi çempionluqla yanaşı, növbəti mövsüm üçün əsas Bundesliqaya vəsiqə də qazanıb. Mövsümün son turunda “Şalke”ni “Nürnberq”lə səfər oyunu gözləyir. Lakin həmin matç tamamilə formal xarakter daşıyacaq.
Qeyd edək ki, 2-ci Bundesliqada ilk iki pilləni tutan komandalar birbaşa əsas Bundesliqaya yüksəlirlər. İkinci vəsiqənin taleyinə son turun oyunları aydınlıq gətirəcək. Hazırda ikinci pilləyə 3 əsas namizəd var. Bunlar 57 xala malik “Hamburq”, “Darmştadt” və “Verder”dir. Şəxsi oyunlardakı üstünlüyə görə “Hamburq” 2-ci sırada qərarlaşıb. Yekunda 3-cü pilləni tutacaq komandanı isə əsas Bundesliqanı 16-cı sırada bitirəcək kollektivlə pley-aut oyunları gözləyir.
Sonda onu da xatırladaq ki, Almaniyanın ən köklü və böyük azarkeş ordusuna malik klubu olan “Şalke” ötən mövsüm Bundesliqadan aşağı liqaya yuvarlanmışdı. Bu klub 1982, 1984 və 1991-ci ilin ardından dördüncü dəfə əsas Bundesliqaya çıxır.


