Almaniyanın “Borussiya” (Dortmund) klubu hücumçusu Erlinq Halandı İngiltərə nəhəngi “Mançester Siti”yə satıb. Arena.az xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, norveçli hücumçu bu il iyulun 1-dən yeni komandasına qoşulacaq. Premyer Liqa klubu keçidin digər detallarını və müqavilə müddətini açıqlamayıb.
Britaniya mətbuatı isə iddia edir ki, “Mançester Siti” bu keçid üçün “Borussiya”ya 60 milyon avro ödəyəcək. Futbolçunun müqaviləsində sərbəstqalma maddəsində məhz bu məbləğ yazılmışdı. Futbolçunun özünün isə həftəsinə 375 000 funt-sterlinq qazanacağı bildirilir. Hücumçu ilə 5 illik müqavilə imzalanıb. İngiltərə təmsilçisi müqavilə ilə bağlı detalları böyük ehtimalla iyulda açıqlayacaq.
Xatırladaq ki, Erlinq Haland 2020-ci ilin əvvəlindən Dortmund təmsilçisində çıxış edir. Gənc forvard “Borussiya”da 88 oyuna 85 qol vurub. O, daha öncə ölkəsində “Bryune” və “Molde”nin, Avstriyada isə “Zalsburq”un uğurları üçün çalışıb. 21 yaşlı forvard Norveç yığmasında meydana çıxdığı 17 oyunda 15 qola imza atıb.
“Borussiya” Halandın satışının elan olunduğu gündə heyətini yeni futbolçu ilə gücləndirib. Bundesliqa təmsilçisi vaxtilə Halandı aldığı “Zalsburq” klubundan Kərim Adeyemini transfer edib. Bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atıb. Sözləşmənin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Gənc forvard “Zalsburq”da keçirdiyi 42 oyunda 23 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya millisinin də üzvü olan Adeyemi, ölkəsinin yığmasında 3 görüşdə 1 dəfə fərqlənib.



