Futbol üzrə Niderland çempionatının 2021/22 mövsümünün qalibi bəlli olub. Arena.az xəbər verir ki, 33-cü tur çərçivəsində doğma meydanda “Herenven”i 5:0 hesabı ilə darmadağın edən “Ayaks” növbəti çempionluğunu rəsmiləşdirib.
Bu qələbədən sonra xallarını 82-yə çatdıran Amsterdam təmsilçisi bütün rəqibləri üçün əlçatmaza çevrilib. Sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirən “Ayaks” ümumilikdə 36-cı dəfə bu titula yiyələnib. PSV (78 xal) gümüş, “Feyenoord” (71 xal) isə bürünc medalların sahibi olub. Mayın 15-də baş tutacaq son turun oyunlarında qeydə alınacaq nəticələr mükafatçıların sıralamasında heç nəyi dəyişməyəcək.
Ötən mövsüm də Niderland çempionatının olmuş “Ayaks”ın indiyə qədər qazandığı bütün çempionluqların siyahısını təqdim edirik:
1917–18, 1918–19, 1930–31, 1931–32, 1933–34, 1936–37, 1938–39, 1946–47, 1956–57, 1959–60, 1965–66, 1966–67, 1967–68, 1969–70, 1971–72, 1972–73, 1976–77, 1978–79, 1979–80, 1981–82, 1982–83, 1984–85, 1989–90, 1993–94, 1994–95, 1995–96, 1997–98, 2001–02, 2003–04, 2010–11, 2011–12, 2012–13, 2013–14, 2018–19, 2020–21, 2021–22
Amsterdam təmsilçisi Niderlandın ən titullu komandasıdır. Bu baxımdan PSV-nin 24, “Feyenoord”un isə 15 çempionluğu var.
Sonda onu da xatırladaq ki, “Ayaks”ı növbəti dəfə çempion edən Erik ten Haq növbəti mövsümdən İngiltərənin “Mançester Yunayted” komandasını çalışdıracaq. Ten Haqı isə baş məşqçi postunda Alfred Sxreder əvəz edəcək.


