Futbol üzrə Xorvatiya çempionatında 2021/22 mövsümünə yekun vurulub. Arena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da sonuncu matçına çıxıb.
Futbolçumuzun komandası 36-cı turda “Hayduk”la qarşılaşıb. Zaqreb təmsilçisi doğma meydanda baş tutan bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.
Mahir Emreli bu oyunun iştirakçısı olmayıb. Millimizin üzvü sona qədər ehtiyatda qalıb.
Çempionluğu bir tur əvvəl rəsmiləşdirən “Dinamo” mövsümü 79 xalla bitirib. Qarşılaşmadan sonra Zaqreb təmsilçisinin kollektivi qızıl medallarla və çempionluq kuboku ilə təltif olunub.


