İvan Perişiç rəsmən “Tottenhem”də!

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, London təmsilçisi Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Perişiçi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Son komandası İtaliya “İnter”i olan təcrübəli oyunçu “Tottenhem”ə azad agent statusu ilə keçib. 2015-ci ildən Milan təmsilçisində forma geyinən vingerin bu klubla müqaviləsi iyunun 30-na qədər idi.

İvan Perişiç “İnter”də bütövlükdə 254 matça çıxıb, 55 qola imza atıb. O, 2019/20 mövsümündə icarə əsasında Almaniyanın “Bayern” klubunda da çıxış edib. Xorvatiya yığmasında 113 matçda 32 qol vurmuş futbolçu, karyerası ərzində “Soşo”, “Rozelar”, “Brügge”, “Borussiya” (Dortmund) və “Volfsburq”da da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: