“Səbail” Ağabala Ramazanov transferini rəsmən açıqladı

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu bir neçə gün öncə “Zirə”dən ayrılan Ağabala Ramazanovu heyətinə qatıb.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Müqavilənin detalları barədə ətraflı məlumat verilməsə də, tərəflərin 2 illik müqaviləyə imza atdıqları iddia olunur.

Xatırladaq ki, Ağabala Ramazanov 2020-ci ildən “Zirə”də çıxış edirdi. Təcrübəli forvard bu kluba məhz “Səbail”dən gəlmişdi.

Azərbaycan yığmasının da üzvü olan Ağabalanın sabiq klubuna keçməsi gözlənilən idi. Çünki onun qardaşı Zaur Ramazanov da bu komandaya yenicə baş məşqçi təyin olunmuş Mahmud Qurbanovun köməkçisi kimi fəaliyyətə başlayıb. Bu üzdən böyük Ramazanovun kiçik qardaşını öz komandasında görmək istəməsi təəccüb doğurmamalıdır.

Ramazanov 2018/19 mövsümündə məhz “Səbail”in formasını geyinib. O, daha öncə “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt”, “İnter” (indiki “Şamaxı”) və “Qarabağ”ın da uğurları üçün çalışıb. 29 yaşlı forvard Azərbaycan yığmasında keçirdiyi 18 oyunda 1 qolla yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: