Canni De Byazi: “Millidə inkişaf hiss olunur”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında Belarus yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis Serbiyada baş tutan və qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Oyuna pozitiv şəkildə başladıq. Ötən oyunda olduğu kimi, rəqib qapısına 15 zərbə vurduq. Təəssüf ki, qol vurmursansa, qələbə qazana bilmirsən.

Oyunu bir nəfər azlıqda tamamlamağımızı nəzərə alsaq, nəticəni baxımından razı ola bilərik. Amma buraya qələbə qazanmaq üçün gəlmişdik. Komanda kimi inkişaf edirik. Bu, hiss olunur”.

İtaliyalı baş məşqçi komandanın oyunundan çox razı qaldığını söyləyib: “İrəliləyiş olduğunu hiss edirəm. Artıq topla daha rahat oynayırıq, topu hara gəldi vurmuruq, qol imkanları yaradırıq. Son vuruşlarda bir az çatışmazlıqlar var. Birinci hissədə 3-4 real qol şansımız var idi. İstifadə edə bilmədik. Növbəti görüşümüzü qrupun ən güclü kollektivi olan Slovakiya yığmasına qarşı keçirəcəyik. Əminəm ki, meydana çıxan futbolçular yaxşı nəticə üçün sonadək vuruşacaqlar”.

Canni De Byazi bu gün Qazaxıstana 0:1 hesabı ilə uduzmasına baxmayaraq, Slovakiyanı qrupun ən güclü komandası hesab etdiyini vurğulayıb: “Güclülər də məğlub ola bilər. Bu gün onların oyununu izləyəcəyəm. Daha sonra fikirlərimi deyə bilərəm”.

Millimizin baş məşqçisi bu oyunda zədə alan müdafiəçi Maksim Medvedevin durumuna da toxunub. O, “Qarabağ”ın kapitanının aldığı zədənin elə də ciddi olmadığını bildirib.

“Azərbaycan yığmasını heç nə ilə təəccübləndirə bilmədik”

Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev isə heç-heçəni belə şərh edib:

“Matça niyə belə əsəbi başladığımızı bilmirəm. Bərabərlik ədalətli nəticədir. Biz rəqibi heç nə ilə təəccübləndirə bilmədik. Hücumçularımızdan razı qalmadım. Biz qol vura bilmirik. Azərbaycan millisi texnikalı komandadır. Topla yaxşı çıxış edirlər. Ötənilki qarşılaşma ilə indiki arasında o qədər də böyük fərq görmədim”.

Kondratyev Azərbaycan Premyer Liqasını Belarus çempionatı ilə müqayisə edib: “Bizim çempionatın tempi sizin Premyer Liqaya baxanda elə də yüksək deyil”.

Sonda onu da qeyd edək ki, Azərbaycan millisi qrupdakı növbəti matçını iyunun 10-da Bakıdakı “Dalğa Arena”da Slovakiya yığmasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: