Canni De Byazi: “Mən də qələbə istəyirəm, amma asan deyil”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqası çərçivəsində Slovakiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis 0:1 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Emin Mahmudovun yerinə Abbas Hüseynovu meydana buraxmağımızın məğlubiyyətə səbəb olduğunu düşünmürəm. Sürətli futbolçuya ehtiyacımız var idi. Abbas həm əks-hücumlarda, həm müdafiədə kömək edə bilərdi. Emin çox yorulmuşdu”.

De Byazi millini çalışdırdığı iki il ərzində doğma meydanda qələbə qazana bilməmələrini belə şərh edib: “25 oyun keçirmişik, 7-si evdə olub və əksəriyyəti güclü komandalara qarşı. Hamısında məğlub olmuşuq. Amma bizdən çox güclü komandalarla oynamışıq. Hamısında sona qədər vuruşmuş, əlimizdən gələnin maksimumunu etmişik. İndi qol vurmağa, nəticə qazanmağa başlamalıyıq. İlk iki oyunda çoxlu imkanlarımız oldu. Bunlardan daha yaxşı istifadə etməliyik”.

İtaliyalı mütəxəssis uğursuz nəticələrə görə hamının məsuliyyət daşıdığını bildirib: “Hamımız yaxşı analiz etməliyik. Rəqibin güclü olduğunu bilirdik. İlk 20 dəqiqədə yaxşı çıxış etmədik. Bundan sonra heç də pis oynamadıq. İlk hissənin axırlarında qol da vura bilərdik, imkanlarımız oldu. Fasilədən sonra rəqib ustalığını göstərdi. Amma bütün oyun boyu mübarizə apardıq. Əminəm ki, bundan daha artığını edə bilərdik. Sizin kimi mən də qələbə istəyirəm. Amma görünür ki, asan deyil. Günahkar axtarmaq düzgün deyil. Çox gözəl sualdır. Mən də istədrdim kimlərinsə səhvlərindən danışım. Dünən 100-cü məşqimizi etdik. 4 məşqdən bir oyuna çıxırıq. Futbolçular ən yaxşı fiziki formada deyillər. Öncə oyunçuları tanımalısan. Düşünürəm ki, bir qrup yaratmışıq. Azarkeş həmişə uduzanda problem axtarır, tapır. Amma ekspert kimi baxsaq, fərqli fikirlər ola bilər”.

“Uduzmaqdan zəhləm gedir”

Baş məşqçi Mahir Emrelinin son 3 oyunda performansını ortaya qoya bilməməsinin səbəbini belə izah edib: “Klubunda fiziki problemləri var idi. Bura gələndə də 100 faiz hazır deyildi. İkinci yarıda meydana buraxdıq. Qol keyfiyyətlərindən yararlanmaq istəyirdik. Alınmadı. Amma bütün ürəyini meydanda qoydu”.

Canni De Byazi “Qələbəsiz oyunlar bir yana, klomanda qol da vura bilmir. Bəlkə, sizin yeriniz bura deyil? Bəlkə, Azərbaycan yığmasına futbol oynamağı öyrədə bilmirsiz?” sualına da cavab verib:

“Belə deməzdim. Bu, tam olaraq mənim komandamdır. Oyundan sonra da uşaqlara dedim ki, ilk 20 dəqiqəni çıxsaq, qorxaraq oynamadıq. Əvvəlki oyunlarda da dominant idik. İki oyuna 30 zərbə vurmuşduq. Rəqəmlər bizi aldada bilməz. Bu, faktdır”.

İtaliyalı məşqçi Qətərlə oyundan sonra vidalaşdığı komandada qalmağa qərar verməsinə də toxunub: “Qərar verdik ki, davam etməliyik. Məncə, komandada nəsə dəyişilib. 2003 təvəllüdlü uşaq əsas komandada oynayır. Başqa 10-15 uşaq da olsa, meydana buraxaram. Sevdiyim, xüsusi simpatiya bəslədiyim futbolçu yoxdur.

Bu tsikldə 3 oyun keçirmişik, qarşıda daha 3 matçımız var. Onları düşünürük. Heç kim deməmişdi ki, 1-ci yer uğrunda vuruşacağıq. Belarusla oyunumuz var. Qalib gəlməyə çalışacağıq. Qazaxıstanı da Bakıda məğlub etməyə çalışacağıq. 2-ci yer uğrunda mübarizəmiz davam edir”.

Millimizin çalışdırıcısı Qazaxıstanla ev oyunu öncəsi problemlərdən də söz açıb: “Maksim Medvedev ardıcıl ikinci oyunda əvəz olunmasını istədi. Mövsümün sonudur, yorğunluqlar ola bilər. Təəssüf ki, Qismət Alıyev bizimlə olmayacaq. İstirahət fikirlərini başa düşürəm, amma qələbə üçün çalışmalıyıq. Belarusla oyunda məğlubiyyət seriyasını qırdıq, qalib gələ də bilərdik. Mən çox əsəbiyəm. Uduzmaqdan zəhləm gedir. Bütün uşaqlar məysdular. Çünki maksimumunu verdilər. Beynəlxalq səviyyə ilə Azərbaycan çempionatı eyni deyil”.

“Onların meydana çıxmasından sonra daha yaxşı hücumlar etdik”

Slovakiya millisində baş məşqçi səlahiyyətlərini icra edən Samuel Slovak isə qələbə qazandıqları matçla bağlı bunları dilə gətirib:

“Oyunun tempini təyin edən tərəf biz olmaq istəyirdik. Matçın əvvəlində istədiyimiz alındı. Sonradan sürəti azaltsaq da, yekunda bunu bacardıq. Matuş Bero və Vladimir Vayss ikinci hissədə oyunumuzu canlandırdılar. Ondan sonra daha yaxşı hücumlar etdik. Nəticədə qarşıya qoyulan hədəfə çatdıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: