Klublarımızın rəqibləri bəlli oldu – Avropa Konfrans Liqasında

Bu gün Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Neftçi”, “Zirə” və “Qəbələ”nin də mümkün rəqibləri bəlli olub.

Püşkatma zamanı “Neftçi” səpələnmişlər, digər iki komandamız isə səpələnməmişlər səbətində yer almışdı. UEFA püşkatmadan bir gün öncə ənənəvi olaraq komandaları kiçik qruplara ayrımışdı. Bu üzdən “Neftçi”nin potensial rəqibləri bunlar idi:

“Dinamo” (Minsk, Belarus) – “Deçiç” (Monteneqro) cütünün qalibi
“Saburtalo” (Gürcüstan) – “Partizani” (Albaniya) cütünün qalibi
“Aris” (Kipr)
“Makedoniya” (Şimali Makedoniya)
“Velej” (Bosniya və Herseqovina)

Püşkatma nəticəsində “ağ-qaralar” Kiprin “Aris” komandasına rəqib olub. Limassol təmsilçisi ilə lk oyun səfərdə, cavab görüşü isə evdə baş tutacaq.

“Zirə”də potensial rəqiblər bu komandalar idi:

“Dinamo” (Tiflis, Gürcüstan) – “Payde” (Estoniya)
BATE (Belarus)
“Kayrat” (Qazaxıstan)
“Universtatya” (Krayova, Rumıniya)
“Makkabi” (Təl-Əviv, İsrail)

Zirəlilər püşk nəticəsində Təl-Əviv “Makkabi”sinə (İsrail) rəqib olublar. Rəşad Sadıqovun komandası ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirməli olacaq.

“Qəbələ”nin mümkün rəqibləri daha güclü kollektivlər idi. Belə ki, əyalət təmsilçisi APOEL (Kipr), “Başakşəhər” (Türkiyə), “Fehervar” (Macarıstan), “Aris” (Yunanıstan) və “Radniçki” (Serbiya) komandalarından birinə rəqib olacaqdı. Yekunda Elmar Baxşıyevin çalışdırdığı komandanın bəxtinə Macarıstanın “Fehervar” kollektivi düşüb. Bu rəqiblə ilk oyun səfərdə, cavab görüşü evdə olacaq.

“Qarabağ”ın da Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. Azərbaycan çempionu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa “Lex”inə uduzsa, “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları 21 iyulda, cavab görüşləri 28 iyulda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: