“Verona” yeni baş məşqçi gətirdi, Covanni Simeoneni birdəfəlik transfer etdi

İtaliyanın “Verona” komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Qabriele Çoffi çalışdıracaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. İtaliyadan olan 46 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, ötən ay postundan ayrılmağa qərar verən İqor Tudoru əvəz edib.

Qabriele Çoffi daha öncə İtaliyanın “Qavorrano” və İngiltərənin “Kroli Taun” komandalarında baş məşqçi kimi çalışıb. O, daha çox “Əl-Cəzirə”, “Birmingem Siti”, “Əl-Dafra” və “Udineze” komandalarında köməkçi məşqçki kimi fəaliyyət göstərib. Bir sözlə, “Verona” italiyalı məşqçinin ilk ciddi iş yeri sayıla bilər.

Yeri gəlmişkən, “Verona” “Kalyari”dən icarəyə götürdüyü Covanni Simeoneni birdəfəlik transfer edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 26 yaşlı hücumçu ilə 4 ilik müqavilə imzalanıb. Bu transfer üçün qarşı tərəfə 10 milyon avro təzminat ödənilib.

Covanni Simeone “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur. 26 yaşlı futbolçu “River Pleyt”in yetirməsidir. O, bu klubda olarkən 2015/16 mövsümündə “Banfild”ə icarəyə verilib. Argentinalı hücumçu 2016-cı ildə İtaliyanın “Cenoa” klubuna transfer olunub. Bu komandada cəmi bir mövsüm çıxış etdikdən sonra futbolçu “Fiorentina”ya üz tutub. 2019/20 mövsümündə “Kalyari”də icarədə olan futbolçu 2020-ci ildə birdəfəlik sözügedən kluba keçib. Geridə qalan mövsümün əvvəlində isə o, “Verona”ya icarəyə verilmişdi. Hücumçu bu komandanın heyətində meydana çıxdığı 35 matçda 17 qola imza atıb. Argentina yığmasında da 5 matç keçirmiş futbolçu, cəmi 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: