“Neftçi” Kenni Sayef transferini rəsmən açıqladı

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, paytaxt klubu ABŞ vətəndaşı olan İsrail əsilli futbolçu Kenni Sayefi heyətinə qatıb.

Bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2 il müddətinə müqavilə imzalanıb.

Sol cinah yarımmüdafiəçisi yeni komandasının heyətində 5 nömrəli formanı geyinəcək.

Kenni Sayef İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel” (Hayfa) (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel” (Ramat Ha Şaron) (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Sinsinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) klublarında çıxış edib. Futbolçunun sonuncu iş yeri İsrailin “Aşdod” (2021-2022) komandası olub.

Kenni Sayef 2015-ci ildə “Gent”in heyətində Belçika çempionatının və Super Kubokunun qalibi olub. İsrailin aşağı yaş qrupları üzrə yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi və qanalı hücumçu Qodsvey Donyonu transfer etmişdi. Paytaxt klubu “Şamaxı”da icarədə olan Rəhman Hacıyevi də geri qaytarıb. Xəyal Nəcəfov və Turan Vəlizadə ilə yeni müqavilə bağlayan “ağ-qaralar”, bu iki oyunçunu “Turan Tovuz”a icarəyə göndərib. Əvəzində Hüqo Basto, Kamran İbrahimov, Emin Zamanov, Ramon Maçado və Tyaqo Bezerra ilə yollar ayrılıb.

Qeyd edək ki, “Neftçi” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr “Aris”i ilə mübarizə aparacaq. İlk oyun 21 iyulda səfərdə, cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: