Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki yenidən işsiz qalıb. Arena.az xəbər verir ki, 53 yaşlı mütəxəssis ötən gün Sloveniyanın “Olimpiya” (Lyublyana) klubundan istefaya göndərilib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli məşqçi bu komandanın Avropa Konfrans Liqasındakı oyununa 6 gün qalmış qovulub. Onunla birlikdə idman direktoru Mladen Rudonja da klubu tərk edib.
Xorvatiyalı mütəxəssisin qovulmasına klubun fəlsəfəsinə və dəyərlərinə hörmət etməməsi səbəb göstərilib. Klubun yaydığı bəyanatda bildirilir ki, baş məşqçi təlim-məşq toplanışı zamanı gecə yarısına kimi spirtli içki içib, siqaret çəkib, kart oynayırmış. Bu azmış kimi, o, komandanı vaxtında məşqə də çıxarmırmış.
Sloveniya mətbuatı xorvatiyalı mütəxəssisin klub rəhbərliyi ilə də yola getmədiyini yazıb. Klub prezidenti Adam Delius isə keçirdiyi mətbuat konfransında Prosineçkinin bəzi futbolçuların alınmayacağı təqdirdə vəzifəsindən gedəcəyini dediyini, U-16 və U-17 komandalarının ən yaxşı oyunçularını belə tanımadığını bildirib.
Prosineçki isə azarkeşlərin də iştirak etdiyi mətbuat konfransında klub rəhbərliyini fırıldaqçılıqda ittiham edib: “Mən çox yerdə işləmişəm. Ancaq heç vaxt belə yalançı və fırıldaqçılar görməmişəm. Belə adamların klub idarə etməsi absurddur”.
Xatırladaq ki, Robert Prosineçki bu il, martın 22-də “Olimpiya”nın baş məşqçisi təyin edilmişdi. Həmin vaxt onunla iki illik müqavilə imzalanmışdı. Xorvatiyalı mütəxəssis 2014-2017-ci illər aralığında Azərbaycan millisinin baş məşqçisi olub. O, yığmamızdan ayrıldıqdan sonra bir il Bosniya və Herseqovina milli komandasına da rəhbərlik edib. Təcrübəli mütəxəssisin çalışdırdığı klublar arasında Serbiya “Partizan”ı, Türkiyə “Kayserispor”u və “Dənizlispor” da var.



