Anxel Di Mariya və Pol Poqba rəsmən “Yuventus”da

Bu yay Fransanın PSJ klubundan ayrılan Anxel Di Mariya özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi İtaliyanın “Yuventus” klubuna keçib.

Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb. “Yuventus” PSJ-dən azad agent kimi ayrılan yarımmüdafiəçiyə görə Fransa klubuna heç bir təzminat ödəməyib. Di Mariya yeni komandasında 22 nömrəli formanı geyinəcək.

“Yuventus” Di Mariyanı Avropanın ən böyük beş liqasında son 10 il ərzində Lionel Messi (174) və Tomas Müllerdən (149) sonra ən çox məhsuldar ötürmə edən futbolçu kimi təqdim edib.

Xatırladaq ki, Anxel Di Mariya 2015-ci ildən PSJ-də oynayırdı. O, bu müddət ərzində ümumilikdə 294 oyunda 91 qol vurub. Yarımmüdafiəçi 111 qol ötürməsi ilə diqqət mərkəzinə düşüb. Di Mariya 2021-ci ilin 19 mayında Fransa kubokunun finalında “Monako”ya 2:0 hesabıyla qalib gəldikləri matçda 104-cü məhsuldar ötürməsini etməklə klub tarixinin rekorduna imza atmışdı. Ona qədərki rekord Seyf Syusikə (103 qol ötürməsi) məxsus idi.

Argentinalı oyunçu PSJ-də keçirdiyi 7 mövsüm ərzində 18 titula sahib çıxıb. Onun Paris təmsilçisində qazandığı titulların siyahısını təqdim edirik:

5 dəfə Fransa çempionu (2016, 2018, 2019, 2020, 2022)
5 dəfə Fransa Kubokunun qalibi (2016, 2017, 2018, 2020, 2021)
4 dəfə Fransa Liqa Kubokunun qalibi (2016, 2017, 2018, 2020)
4 dəfə Çempionlar Kubokunun qalibi (2016, 2018, 2019, 2020)

Di Mariya PSJ-dən öncə “Mançester Yunayted”, “Real”, “Benfika” və “Rosario Sentral” kimi klublarda da çıxış edib.

Poqba qayıtdı!

“Yuventus” Di Mariya ilə yanaşı, sabiq futbolçu Pol Poqbanı da heyətinə qatıb. Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. Bu yay İngiltərənin “Mançester Yunayted” klubundan azad agent kimi ayrılan futbolçu artıq Turinə gəlib. Fransalı yarımümdafiəçi tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Pol Poqba “Mançester Yunayted”in yetirməsidir. O, peşəkar karyerasına da “qırmızı şeytanlar”ın heyətində başlayıb. Lakin karyerasının əvvəlində bu komandada kifayət qədər oyun şansı qazana bilməyən yarımmüdafiəçi 2012-ci ildə “Yuventus”a transfer olunub. Dörd il Turin təmsilçisində çıxış edən futbolçu 2016-cı ildə yenidən “Mançester Yunayted”ə qayıtmışdı.

Poqba “Mançester Yunayted”dəki karyerası ərzində bütövlükdə 233 matça çıxıb, 39 qola imza atıb. Fransa yığmasının üzvü ölkəsinin millisində də 91 oyuna 11 qol vurub. O, “Yuventus”da çıxış etdiyi dönəmdə isə 178 oyunda 34 qola imza atmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: