2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə daha bir futbolçu cəlb edib. Arena.az xəbər verir ki, sözügedən klub Serbiya U-21 millisinin sabiq üzvü Damyan Daniçiçi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan transfer olunmuş 22 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Damyan Daniçiç Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsidir. O, karyerası ərzində, həmçinin Serbiyanın “Qrafiçar”, “Vozdovats”, Xorvatiyanın “İstra” və “Varajdin” klublarında çıxış edib.
“Sumqayıt” daha öncə Vüsal İsgəndərli və Stiven Pereyranı da transfer etmişdi. Tellur Mütəllimov, Anatoli Nuriyev, Rəhim Sadıxov, Tərlan Əhmədli, Eltun Turabov və Dmitri Nağıyevlə yollarını ayıran klub, Vurğun Hüseynov və Vüqar Mustafayevlə də yeni müqavilə bağlayıb.


