“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub. Arena.az xəbər verir ki, rumıniyalı Nikolay Qriqori paytaxt klubunun əsas komandasında köməkçi məşqçi vəzifəsinə gətirilib.
Onunla 2 illik müqavilə bağlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Nikolay Qriqori 1983-cü il iyulun 19-da Rumıniyanın Buxarest şəhərində anadan olub. Futbolçu kimi Rumıniya milli komandasının da üzvü olmuş Qriqori 2018-ci ildə məşqçiliyə başlayıb. 2018-2020-ci illərdə Buxarest “Rapid”inin U-17 komandasında baş məşqçi, əsas komandasında köməkçi məşqçi işləyib. 2020-ci ildə Rumıniya U-21 milli komandasında köməkçi məşqçi kimi çalışmış mütəxəssis 2020/2021 mövsümündə “Rapid”in baş məşqçisi olub. 2021-ci ildə “Universitatya”da (Krayova) baş məşqçi Laurentsiu Regekampfın köməkçisi olan Nikolayın sonuncu klubu “Metaloqlobus” (2021-2022) olub.
Xatırladaq ki, bu yay “Neftçi”nin baş məşqçisi təyin olumuş Laurentsiu Regekampfın əvvəlki köməkçiləri də həmyerliləridir. Belə ki, 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu fiziki hazırlıq üzrə məşqçi, 54 yaşlı Florin Tene isə qapıçılar üzrə məşqçi vəzifəsinə təyin olunub.


