“Sauthempton” 10 milyonluq transferi rəsmən açıqladı

İngiltərənin “Sauthempton” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Marsel “Olimpik”indən Due Çaleta-Çarı, “Arsenal”dan Enzli Meytlend-Naylsı, “Mançester Siti”dən isə Samuel Edozini transfer edib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Due Çaleta-Çar üçün Fransa klubuna 10 milyon avro ödənilib. Xorvatiya yığmasının üzvü Premyer Liqa təmsilçisi ilə 4 illik müqaviləyə imza atıb. “Şibenik”in yetirməsi olan mərkəz müdafiəçisi, Avstriyanın “Yuniors”, “Zalsburq” və “Liferinq” klublarının da formasını geyinib. O, 2018-ci ildən çıxış etdiyi “Olimpik”də 130 oyun keçirib, 5 qol vurub. 25 yaşlı futbolçu Xorvatiya millisində 23 matça çıxıb, 1 qola imza atıb.

“Mançester Siti”dən transfer olunmuş Samuel Edoziyə görə nə qədər təzminat ödənildiyi açıqlanmır. İngiltərədən olan 19 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb. O, İngiltərənin U-19 yığmasında da forma geyinir.

Yeri gəlmişkən, “Mançester Siti” dayaq yarımmüdafiəçisi Klaudio Qomesi də “Palermo”ya satıb. Transferin detalları açıqlanmasa da, Fransadan olan 22 yaşlı futbolçunun İtaliya klubu ilə 2 illik müqavilə bağladığı müəyyənləşib. PSJ-nin yetirməsi olan futbolçu, 2018-ci ildən Mançester klubunda idi. O, daha öncə PSV və “Barnsli”də icarədə oynayıb. “Şəhərlilər” 18 yaşlı müdafiəçi Luke Mbeteni də “Haddersfild”ə icarəyə veriblər.

Enzli Meytlend-Nayls isə “Sauthempton”a icarə əsasında keçib. “Arsenal”ın öz yetirməsi olan futbolçu, əvvəllər “İspviç Taun”, “Vest Bromviç” və “Roma”da da icarədə oynayıb. İngiltərə yığmasında 5 oyun keçirmiş sağ cinah müdafiəçisi, “topçular”ın əsas komandasında da 132 oyuna 3 qol vurub.

İki futbolçu ilə yollar ayrıldı

Dayaq yarımmüdafiəçisi Oriol Romeu və sağ cinah müdafiəçisi Yan Valeri isə “Sauthempton”dan ayrılıblar. Romeu İspaniyanın “Jirona”, Valeri isə Fransanın “Anje” klubuna keçib. Yeni klubu ilə 4 illik müqaviləyə imza atan Yan Valeri, “Sauthempton”un öz yetirməsi idi. Fransadan olan 23 yaşlı müdafiəçi, bu komandada 53 oyun keçirib, 2 qol vurub. O, ötən il “Birmingem Siti”də icarədə də olub. Oriel Romeu isə 2015-cı ildən İngiltərə klubunun uğurları üçün çalışırdı. İspaniyadan olan 30 yaşlı futbolçu, bu komandada 256 oyun keçirib, 8 qol vurub. “Barselona”nın yetirməsi olan Romeu, “Çelsi”, “Valensiya” və “Ştutqart”ın da formasını geyinib.

“Sauthempton” Cek Stivensi (28 yaş, yarımmüdafiəçi) “Bornmut”a, Mateuş Lisi (25 yaş, qapıçı) isə “Trua”ya icarəyə verdiyini də açıqlayıb. Hər iki futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq.

Çaleta-Çarı “Sauthempton”a satan Marsel “Olimpik”i daha iki futbolçusu ilə yollarını ayırıb. Belə ki, Franko Tonqya azad agent kimi “Odense”yə, Alvaro Qonsales isə “Əl-Nəsr”ə keçib. Kamerun əsilli Franko Tonqya Danimarka klubu ilə 3 illik müqavilə bağlayıb. “Yuventus”un yetirməsi olan futbolçu Marsel klubuna ötən ilin yayında cəlb olunsa da, əsas komandaya düşə bilmədiyi üçün Fransanı tərk etməyə qərar verib. 20 yaşlı yarımmüdafiəçi İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Alvaro Qonsales isə Səudiyyə Ərəbistanı klubu ilə 2 illik müqaviləyə imza atıb. İspaniyalı futbolçu 2019-cu ildən Marseldə çıxış edirdi. 32 yaşlı mərkəz müdafiəçisi bu komandada 75 oyuna 3 qol vurub. O, daha öncə “Rasinq”, “Saraqosa”, “Espanyol” və “Vilyarreal”ın da uğurları üçün çalışıb.

Marsel “Olimpik”i sol cinah müdafiəçisi Jordan Amavini də İspaniyanın “Xetafe” klubuna icarəyə verib. Fransadan olan 28 yaşlı futbolçu mövsümün sonuna kimi İspaniyada çıxış edəcək. “Nitsa”nın yetirməsi “Aston Villa”da da oynayıb. O, 2017-ci ildən oynadığı “Olimpik”də 127 matça çıxıb, 3 qol vurub.

Əvəzində “Olimpik” Almaniyanın “Şalke” klubunun yarımmüdafiəçisi Amin Hariti icarəyə götürüb. Mərakeşdən olan futbolçunun bu mövsümün sonunadək Liqa 1 təmsilçisində çıxış edəcəyi diqqətə çatdırılıb. Fransanın “Nant” klubunun yetirməsi olan mərakeşli yarımmüdafiəçi, 2017-ci ildən “Şalke”də idi. O, Bundesliqa təmsilçisində 119 oyuna 13 qol vurub. Fransada dünyaya göz açan, bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında oynamış Harit, 2017-ci ildən Mərakeş millisində forma geyinir. O, yığmada 14 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: