Premyer Liqanın 8-ci turu çərçivəsində “Qarabağ”la “Neftçi” arasında keçirilmiş Azərbaycan derbisində rekord qeydə alınıb. Arena.az xəbər verir ki, ölkə çempionatları tarixində ilk dəfə ardıcıl 5 oyunda eyni komanda qalib gəlib.
3:1 hesablı qələbə qazanan “Qarabağ” ardıcıl 5-ci dəfə “Neftçi”ni xalsız qoyub. Qurban Qurbanovun yetirmələri ötən mövsümün bütün görüşlərində qalib gəlmişdi – 2:1, 4:0, 2:1 və 4:1. “Ağ-qaralar” sonuncu dəfə 2021-ci il mayın 19-da 1:0 hesabı ilə qalib gəldikləri matçda xal əldə edib.
1992-ci ildən keçirilən ölkə çempionatlarında derbilərin əvvəlki rekordu ardıcıl 4 qələbədən ibarət idi. “Qarabağ” 2016-cı ildəki qarşılaşmaları itkisiz keçirmişdi. 2015/16 mövsümünün son iki duelində 2:0 və 2:1 hesabı ilə qələbə qazanan ağdamlılar seriyasını növbəti çempionatda da davam etdirib – 3:0, 2:0.
Qeyd edək ki, “Qarabağ”la “Neftçi” ölkə çempionatlarında bütövlükdə 88 dəfə qarşılaşıb.
“Qarabağ” həm də Premyer Liqanın 2022/23 mövsümünün startında ardıcıl 7-ci qələbəsini qazanıb. Qurban Qurbanovun yetirmələri bu mövsüm xal itkisi ilə üzləşməyən yeganə kollektivdir.
Bu, ölkə çempionatları tarixində 8-ci belə seriyadır. Cari mövsümədək 7 dəfə bir klub ilk yeddi qarşılaşmada xal itirməyib.
“Qarabağ” ikinci dəfə bunu bacarıb. Ağdamlılar 2019/20 mövsümünə də belə başlayıb.
Tarixdə yalnız 4 komanda belə starta imza atıb. “Qarabağ”dan başqa, “Neftçi” dörd (1992, 1994/95, 1996/97, 2000/01), “Şəfa” (2003/04) və “Xəzər Lənkəran” (2007/08) hərəyə bir dəfə ilk yeddi görüşdə qalib gəlib.
“Səbail”in meydanında 100-cü qonaq qolu
“Səbail” Premyer Liqada 100-cü ev qolunu buraxıb. Bu, “Qəbələ” ilə qarşılaşmaya təsadüf edib. Premyer Liqasının 8-ci turunun görüşünün son dəqiqəsində “100”ə çatan paytaxt klubunu Ülvi İsgəndərov məyus edib. O, meydan sahiblərinin qapısından 100-cü topu keçirib.
“Səbail” evdəki 71-ci qarşılaşmada buna üzülüb. Bakılılar ölkə çempionatları tarixində 100 və daha çox qol buraxan 20-ci komanda olub.
Qeyd edək ki, “Səbail” “Qəbələ”yə 1:2 hesabı ilə uduzub.


