Kvadvo Asamoa karyerasını başa vurdu

Futbol üzrə Qana milli komandasının sabiq yarımmüdafiəçisi Kvadvo Asamoa karyerasını başa vurub. Arena.az xəbər verir ki, afrikalı oyunçu 33 yaşında futbolla vidalaşıb.

Sonuncu iş yeri İtaliyanın “Kalyari” klubu olmuş Asamoa, əslində 2021-ci ilin yayından işsiz idi. O, sözügedən klubdan azad agent kimi ayrılsa da, həmin dövrdən bəri özünə yeni komanda tapa bilmirdi. Bu yayı da gözləyən oyunçu xidmətində maraqlı olan klub tapa bilməyincə, karyerasını birdəfəlik bitirməyə qərar verib.

Kvadvo Asamoa peşəkar karyerasına “Udineze”də başlayıb. O, daha sonra 2012-2018-ci illər aralığında “Yuventus”un, 2018-2020-ci illərdə isə “İnter”in formasını geyinib. Karyerası İtaliyanın 4 klubundan ibarət olan yarımmüdafiəçi A Seriyasında bütövlükdə 279 oyun keçirib, 12 qol vurub. Veteran futbolçu bu klubların heyətində 13 titul qazanıb. O, İtaliya çempionatında oyun sayı baxımından afrikalılar arasında rekordçudur.

Asamoa Qana yığmasında da 74 oyun keçirib, bu görüşlərdə 4 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: