Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Polşa əsilli fransalı müdafiəçi Timote Kolodzeyçakı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik 31 yaşlı futbolçu “Şalke” ilə 2023-cü ilin 30 iyununa kimi anlaşıb.
Xatırladaq ki, Timote Kolodzeyçakın sonuncu iş yeri “Sent Etyen” olub. O, Liqa 1 təmsilçisindən bu yay azad agent kimi ayrılmışdı. Mərkəz müdafiəçisi 2018-ci ildən Fransa klubunun uğurları üçün çalışırdı. Peşəkar karyerasına Lion “Olimpik”ində başlamış Kolodzeyçak “Nitsa”, “Sevilya”, “Borussiya” (Mönhenqladbax) və “Tiqres UANL” komandalarında da forma geyinib. O, Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.


