Azərbaycanlı FİFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. Arena.az xəbər verir ki, 35 yaşlı hakim ÇL-in qrup mərhələsinin 6-cı turu çərçivəsində Danimarkada baş tutacaq “Kopenhagen” – “Borussiya” (Dortmund, Almaniya) oyununu idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.
Noyabrın 2-də “Parken” stadionunda baş tutacaq bu qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Xatırladaq ki, Əliyar Ağayev daha öncə Çempionlar Liqasına təyinat alsa da, bunlar təsnifat mərhələsinin oyunlarında qeydə alınmışdı.
Azərbaycanın digər FİFA referisi Elçin Məsiyev də UEFA-dan yeni təyinat alıb. 31 yaşlı hakim Avropa Konfrans Liqasının qrup mərhələsinin son turu çərçivəsində İsraildə “Hapoel” (Ber-Şeva) ilə Avstriyanın “Austriya” (Vyana) komandaları arasında keçiriləcək oyunu idarə edəcək. Ona Elşad Abdullayev və Pərvin Talıbov yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Noyabrın 3-də keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov da UEFA-dan növbəti təyinat alıb. O, Türkiyədə “Trabzonspor” və Macarıstanın “Ferentsvaroş” komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 6-cı tur oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.
Qarşılaşma noyabrın 3-də Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi”də baş tutacaq.


