Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 10-cu turundan təxirə salınmış “Proyssen Münster”lə matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası 4 qolun qeydə alındığı matçdan məğlubiyyətlə ayrılıb – 1:3.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 7-ci dəqiqədə məhz azərbaycanlı hücumçu vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 6-ya çatdırıb.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 26 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.


