Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Tite istefa verib. Arena.az xəbər verir ki, o, Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Xorvatiyaya uduzduqları oyundan sonrakı mətbuat konfransında vəzifəsindən ayrıldığını açıqlayıb:
“Braziliya yığmasının baş məşqçisi vəzifəmlə vidalaşıram. Amma bunu drama çevirməyə heç bir əsas yoxdur. Çünki bunu hələ ilyarım əvvəl söyləmişdim. Yerimə gələ biləcək başqa möhtəşəm məşqçilər var”.
Xatırladaq ki, əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan oyunda Xorvatiyaya penaltilər seriyasında məğlub olan (2:4) Braziliya millisi dünya çempionatı ilə vidalaşıb. Halbuki, Braziliya yığması DÇ-2022-nin əsas favoritlərindən biri hesab olunurdu. Sözügedən komanda qrupdan lider kimi çıxmış, 1/8 finalda da Cənubi Koreyanı böyük hesabla məğlub etmişdi.
Tite 2016-cı ilin iyun ayından etibarən Braziliya milli komandasına rəhbərlik edirdi. “Pentakampeon”la bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 81 oyuna çıxıblar. Bu matçlarda 60 qələbə qazanan milli, 15 heç-heçə edib və 6 oyunda məğlubiyyətə üzülüb.
61 yaşlı mütəxəssis daha öncə “Korintians”, “Əl-Vahda”, “İnternasional”, “Əl-Əyn”, “Palmeyras”, “Atletiko” (Mineyro), “Qremio”, “San Kaetano”, “Yuventude” və bir neçə başqa klubda da baş məşqçi kimi çalışıb.


