Premyer Liqa: “Qarabağ” 9-cu dəfə qış çempionu oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün qış çempionu bəlli olub. Arena.az xəbər verir ki, bu, ölkə çempionatının 17-ci turunun ilk oyun günündə müəyyənləşib.

Belə ki, “Qarabağ” ilin son turu ərəfəsində qış fasiləsinə 1-ci pillədə yollanacağını təmin edib. Qurban Qurbanovun yetirmələri bu gün “Azərsun Arena”da “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib. Bununla da Premyer Liqanın lideri xal hesabını 47-yə çatdırıb. Ağdamlılar iki matçı qalan “Sabah”ı artıq 8 xal qabaqlayır.

“Qarabağ” tarixində 9-cu dəfə yeni ili lider kimi qarşılayacaq. Ağdam klubu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 və 2021/22 mövsümlərinin ilk yarısını zirvədə tamamlayıb.

Bununla da “Qarabağ” “Neftçi”yə məxsus olan rekordu təkrarlayıb. Bakılılar da 9 dəfə qış fasiləsinə lider kimi yollanıb. “Ağ-qaralar” 1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21 mövsümlərinin qış çempionu olublar. “Kəpəz” 1993/94, 1997/98, 1998/99, “Şamaxı” 2008/09, 2009/10, 2012/13 mövsümlərinin fasiləsinə lider kimi yollanıb. “Xəzri” (1995/96), “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), “Xəzər Lənkəran” (2006/07) və “Şüvəlan”ın (2007/08) bir uğuru var.

Xatırladaq ki, Azərbaycan çempionatında 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: