Türkiyənin “Sivasspor” klubunun israilli yarımmüdafiəçisi Dia Saba Super Liqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu bunu Sivas təmsilçisinin stadionunda jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında açıqlayıb.
O, ailəvi məsələlərlə əlaqədar bu klubla vidalaşmaq məcburiyyətində qaldığını bəyan edib. Futbolçu klub rəhbərliyinə, eləcə də ona Sivas təmsilçisinə uyğunlaşmaq yardımçı olmuş hər kəsə təşəkkürünü bildirib.
Dia Saba bu mövsümün əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Nəsr” klubundan “Sivasspor”a transfer olunmuşdu. O, bu komandada keçirdiyi 4 ay ərzində 20 oyuna çıxıb, 6 qol vurub. İsrailli futbolçu 7 qolda da məhsuldar ötürmə müəllifi olub.
Saba daha öncə “Beytar” (Nes Tubruk), “Makkabi” (Təl-Əviv), “Hapoel” (Beer Şeva), “Bney Saxnin”, “Makkabi” (Petah Tikva), “Makkabi” (Netanya), “Quançjou” kimi klubların da formasını geyinib. O, İsrail milli komandasında 11 oyuna çıxıb, 3 qola imza atıb.


