Fabio Pereyra da Silva “Nant”ı “Qremio”ya dəyişdi

Fransanın “Nant” klubunun müdafiəçisi Fabio Pereyra da Silva Liqa 1 təmsilçi ilə yolları ayırıb. Arena.az xəbər verir ki, Braziliyadan olan 32 yaşlı futbolçu bundan sonra “Qremio”nun uğurları üçün çalışacaq.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. “Nant” təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. Müdafiəçi yeni klubu ilə 2024-cü ilin dekabrına kimi müqavilə bağlayıb.

Fabio Pereyra da Silva 2018-ci ilin yayından “Nant”ın uğurları üçün çalışırdı. O, Fransa klubunun heyətində meydana çıxdığı 98 rəsmi oyunda 7 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı oyunçu bu mövsüm Liqa 1 çərçivəsində cəmi 6 matçda iştirak edib.

Xatırladaq ki, Fabio daha öncə “Mançester Yunayted”, KPR, “Kardiff Siti” və “Midlsbro” kimi klubların da formasını geyinib. O, Braziliya milli komandasında cəmi 2 matça çıxıb.

“Nant” sağ cinah müdafiəçisi Dennis Appya ilə də yollarını ayırıb. Fransadan olan 30 yaşlı futbolçu “Sent Etyen”ə keçib. O, yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb.

Dennis Appya 2019-cu ildən “Nant”ın uğurları üçün çalışırdı. Müdafiəçi bu komandanın heyətində 106 oyuna çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Monako”nun yetirməsi olan Appya “Kan” və “Anderlext” kimi klubların da şərəfini qoruyub. O, həmçinin Fransanın aşağı yaş qrupları üzrə yığmalarında (U-16, U-17, U-18, U-19 və U-20) da oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: