Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Union Berlin”dən Yulian Ryersonu transfer edib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Dortmund təmsilçisi bu transfer üçün Berlin klubuna 5 milyon avro ödəyib. Norveçdən olan sağ cinah müdafiəçisi ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə imzalanıb.
Yulian Ryerson 2018-ci ilin iyul ayından “Union Berlin”in uğurları üçün çalışırdı. 25 yaşlı müdafiəçi bu komandanın heyətində meydana çıxdığı 109 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə ölkəsində “Vikinq”in də formasını geyinib. 2020-ci ildən Norveçin əsas millisinə dəvət alan futbolçu, 15 oyun keçirib.
“Borussiya” hücumçusu Cayden Brafı isə İtaliyanın “Verona” klubuna icarəyə göndərib. A Seriyası təmsilçisi Surinam əsilli niderlandlı futbolçunu satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürüb.
Cayden Braf 2022-ci ilin yayında “Mançester Siti”dən Dortmund klubuna transfer olunub. Lakin o, Almaniya təmsilçisinin əvəzedici heyətində oynayıb və əsas komandada forma şansı qazanmayıb. 20 yaşlı sağ cinah vingeri İngiltərə klubunda olarkən İtaliyanın “Udineze” komandasında da icarədə oynayıb.
“Verona” Almaniyanın “Herta” klubundan Deyovaysio Zefeyki də icarəyə götürüb. Maraqlıdır ki, Braf kimi, Zefeyk də Surinam əsilli niderlandlıdır. O da bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.
Deyovaysio “Ayaks”ın yetirməsidir. O, “Qroningen” və “Blekbern Rovers”in də formasını geyinib. 24 yaşlı sağ cinah müdafiəçisi 2020-ci ildə transfer olunduğu “Herta”da 35 oyuna 1 qol vurub. O, Niderlandın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
Deyovaysionu “Verona”ya göndərən “Herta”, yarımmüdafiəçisi Santyaqo Askasibarı da Argentinanın “Estudiantes” klubuna icarəyə verib. Argentinadan olan 25 yaşlı futbolçu bu mövsümün sonuna kimi ölkəsində top qovacaq. “Estudiantes”in yetirməsi olan, Almaniyada daha öncə “Ştutqart”ın uğurları üçün çalışan Askasibar, 2020-ci ildən oynadığı “Herta”da 53 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. O, bu mövsümün ilk dövrəsini İtaliyanın “Kremoneze” klubunda icarədə keçirib. Santyaqo Argentina yığmasında da 3 oyun keçirib.
“Union Berlin” onu “Volfsburq”lu ilə əvəzlədi
Yulian Ryersonu “Borussiya”ya satan “Union Berlin” də heyətinə yeni futbolçu cəlb edib. Bundesliqa klubu elitanın digər təmsilçisi “Volfsburq”dan Jerom Russillonu transfer edib. Amma bu transferin detalları və müqavilə müddəti açıqlanmayıb.
Fransadan olan Russilon peşəkar karyerasına ölkəsinin “Soşo” komandasında başlayıb. O, Liqa 1-də “Monpelye”nin də uğurları üçün çalışıb. 2018-ci ildən “Volfsburq”da çıxış edən sol cinah müdafiəçisi, burada 128 oyuna 5 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. 30 yaşlı futbolçu vaxtilə Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.


