Leandro Trossard rəsmən “Arsenal”da!

Futbol üzrə Belçika milli komandasının yarımmüdafiəçisi Leandro Trossard İngiltərənin “Brayton” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 28 yaşlı vinger Premyer Liqanın digər təmsilçisi “Arsenal”a transfer olunub.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Arsenal” yeni transferi ilə müqavilənin müddəti və digər detalları barədə məlumat verməyib. Amma İngiltərə mətbuatının yazdığına görə, tərəflər 4.5 illik müqaviləyə imza atıblar. “Topçular”ın bu transfer üçün 24 milyon avro ödədiyi bildirilir.

Leandro Trossard Belçikanın “Genk” klubunun yetirməsidir. O, bu klubda olarkən “Lommel Yunayted”, “Vesterlo”, “Leuven” kimi klublarda icarədə də oynayıb. 2019-cu ildən “Brayton”da çıxış edən yarımmüdafiəçi, bu komandada 121 oyuna çıxıb, 25 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Trossard Belçika milli komandasında da 24 oyuna 5 qol vurub.

“Brayton” irlandiyalı hücumçusu Aron Konnollini də “Hall Siti” klubuna icarəyə verib. 22 yaşlı forvardın bu mövsümün sonuna kimi icarədə oynayacağı açıqlanıb.

Aron Konnolli “Brayton”un öz yetirməsidir. O, bu klubun əsas komandasında 52 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. İrlandiya yığmasının üzvü daha öncə “Luton Taun”, “Midlsbro” və “Venetsiya” kimi klublarda da icarədə oynayıb. O, ölkəsinin əsas yığmasında 8 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: