Futbol üzrə Seneqal milli komandasının hücumçusu Bamba Dyenq Fransanın “Olimpik” (Marsel) klubundan ayrılıb. Arena.az xəbər verir ki, 22 yaşlı forvard Liqa 1-in digər təmsilçisi “Loryan”a transfer olunub.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Dyenq yeni klubu ilə 2.5 + 2 illik müqaviləyə imza atıb. “Loryan” bu transferə görə Marsel “Olimpik”inə 8 milyon avro ödəyib.
Bamba Dyenq peşəkar karyerasına yetirməsi olduğu “Diambars” klubunda başlayıb. Marsel “Olimpik”i onu Seneqal klubundan 2021-ci ilin iyul ayında cəmi 400 min avro qarşılığında transfer edib. Hücumçu Fransa klubunun əsas komandasında meydana çıxdığı 54 oyunda 11 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Dyenq 2021-ci ilin oktyabrından Seneqal yığmasında da forma geyinir. O, əsas millidə 17 oyuna çıxıb, 2 qola imza atıb.


