Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Verona” klubu heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib. Arena.az xəbər verir ki, sözügedən klub Niderland “Qroningen”indən Siril Nqonqeni transfer edib.
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 22 yaşlı vingerlə 6 ay + 2 illik müqavilə imzalanıb. İtaliya klubunun bu transfer üçün Niderland təmsilçisinə təzminat ödəyib-ödəmədiyi bilinmir.
Siril Nqonqe Belçikanın “Brügge” klubunun yetirməsidir. O, bu komandada olarkən icarə əsasında Niderlandın PSV klubunun əvəzedicilərində də oynayıb. Sonradan Niderlandın digər təmsilçisi “Valveyk”ə transfer olunan belçikalı yarımmüdafiəçi 2021-ci ilin iyulundan “Qroningen”in uğurları üçün çalışırdı. O, bu komandada 46 oyuna 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Nqonqe Belçikanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da forma geyinib.
“Verona” polşalı yarımmüdafiəçisi Mateuş Praşeliki də “Kozentsa” klubuna icarəyə göndərib. 22 yaşlı futbolçunun bu mövsümün sonunadək icarədə oynayacağı diqqətə çatdırılıb.
Mateuş Praşelik 2022-ci ilin yanvarında “Verona”ya transfer olunsa da, bu komandada cəmi 2 matça çıxıb. Polşanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu, ölkəsində “Legiya” (Varşava) və “Şlyansk”ın (Vrotslav) da formasını geyinib.


